Türkiyə və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye
Cumhuriyeti) torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik
Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkədir. Şimal-qərbdən Bolqarıstan,
qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan, İran, Ermənistan,
cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən
dənizlərlə əhatə olunmuşdur. Bu dənizlər qərbdə Egey dənizi, şimalda Qara
dəniz, cənubda isə Aralıq dənizidir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel
boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən
ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və
iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.